AnTuTu developerleri Çində iOS və iPadOS üçün cihazların sentyabr ayı “xalq” reytinqinin nəticələrini dərc ediblər. Səsvermə zamanı istifadəçilər texniki xüsusiyyətləri deyil, ümumilikdə öz cihazlarından nə qədər məmnun olduqlarını qiymətləndiriblər. Məlum olub ki, ən çox müsbət rəyi şirkətin ən yeni cihazları deyil, daha köhnə modelləri toplayıb.
12,9 düymlük iPad Pro 2 planşeti 99,77% müsbət qiymətlərlə reytinqdə birinci yeri tutdu, ikinci yerdə isə 10,5 düymlük ekranla olan eyni model (96,68%) qərarlaşdı. Hər iki cihaz yeddi il əvvəl, 2017-ci ilin iyun ayında təqdim edilmişdi. Üçlüyü 2020-ci ildə debüt edən iPad Air 4 (96,33%) tamamladı.
Siyahıda ən yaxşı smartfon isə 2020-ci ildə təqdim edilən iPhone 12 mini (95,88%) oldu. Ümumi sıralamada beşinci yeri də 2020-ci ilin daha bir modeli – iPhone SE ikinci nəsil (95,2%) tutdu. Reytinqin qalan bütün yerlərini planşetlər aldı.
Altıncı yerdə 12,9 düymlük iPad Pro 4 (94,89%), yeddinci yerdə isə 11 düymlük iPad Pro 2 (94,83%) yerləşdi. Səkkizinci və doqquzuncu mövqelərdə 11 düymlük iPad Pro 3 (94,26%) və iPad Air 5 (93,4%) qərarlaşdı. İlk onluğu isə 93,36% müsbət rəylə iPad mini 5 tamamladı.